Azərbaycan Futbolu

2-ci Liqada komanda sayı və yeni format açıqlanıb

Bakı, 4 avqust, Tsport.az

2025/26 mövsümündə Azərbaycan 2-ci Liqasında iştirak edəcək komanda sayı və turnirin yeni formatı müəyyənləşib.

Tsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Komanda sayı və dəyişiklik:

  • Turnir 12 komandanın iştirakı ilə keçiriləcək.
  • “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə edilən xatırlatmalara baxmayaraq, iştirakını təsdiqləmədiyi üçün yarışdan kənarlaşdırılıb.
  • Eyni zamanda, ötən mövsüm “Qusar”ın oyunlarında Əsasnamə tələblərinin sistematik pozulması nəzərə alınıb.
  • Bu səbəbdən, idman prinsipləri rəhbər tutularaq “Qusar”ı Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

Yeni format: PFL və AFFA-nın məsləhətləşmələri nəticəsində 2-ci Liqanın formatında dəyişiklik edilib:

Yüksəlmə qaydaları:

  • 2-ci Liqanın qalibi birbaşa 1-ci Liqaya yüksələcək.
  • 2-ci yerin sahibi, I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off görüşü keçirəcək.

Region Liqasından yüksəlmə:

  • Region Liqasında 1-ci yerin sahibi birbaşa 2-ci Liqaya vəsiqə qazanacaq.
  • 2-ci və 3-cü yerlərin sahibləri, 2-ci Liqada müvafiq olaraq 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off görüşü keçirəcəklər.

Turnirin strukturu:

  • Mövsüm 27 turdan ibarət olacaq.
  • Əvvəlcə komandalar 2 dövrəli sistemlə 22 tur oynayacaq.
  • Daha sonra altılıq sistemi ilə 5 tur keçiriləcək.

Maliyyə bölgüsü:

  • 2-ci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər şəkildə bölüşdürüləcək.

Start tarixi:

  • 2025/26 mövsümündə 2-ci Liqa 6 sentyabr tarixində start götürəcək.