“3 xal qazanmaq üçün gedəcəyik”
Bakı, 18 oktyabr, Tsport.az
Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib.
Tsport.az xəbər verir ki, 1-2 hesabı ilə başa çatan matçdan sonra “Qarabağ”ın üzvü Kamilo Duran fikirlərini bizimlə bölüşüb:
– Birinci hissəyə çox pis başladıq və nəticədə ilk hissəni məğlub durumda başa vurduq. Rəqibə də haqq vermək lazımdır, çünki güclü və çətin rəqib idi. İkinci hissədə vəziyyəti dəyişmək məqsədilə meydana çıxdıq və istəyimizə çatdıq. Hesabdakı rəqəmləri dəyişmək bizim üçün çox vacib idi, çünki 3 xal qazandıq.
– “Atletik Bilbao” ilə oyundan gözləntiləriniz nələrdir?
– Aydın məsələdir ki, “Atletik Bilbao” haqqında əlavə şərhə ehtiyac yoxdur. Onlar güclü komandadır və biz də bunu bilirik. Amma buna baxmayaraq, ora məqsədimizə çatmaq – yəni 3 xal qazanmaq üçün gedəcəyik.
– Birinci hissədə mərkəzdə, ikinci hissədə isə sağ cinah hücumçusu kimi oynadınız. Özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
– Mənim üçün fərqi yoxdur. Baş məşqçi məni hansı mövqedə oynadırsa, çalışıram əlimdən gələni edib onun etimadını doğruldum. Əsas məqsəd komandama xeyir verməkdir, istər mərkəzdə, istərsə də sağ cinahda oynayım.
– “Atletik Bilbao”nu artıq analiz etmisiniz?
– Hələlik bu oyunu analiz edirdik, amma təbii ki, “Atletik Bilbao”nu da analiz edəcəyik. Məqsədimiz aydındır – 3 xal qazanmaq.
Bahar Rüstəm