AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Bakı, 14 mart, Tsport.az
AFFA İcraiyyə Komitəsinin iclasında mühüm qərarlar qəbul edilib.
Tsport.az xəbər verir ki, SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi ilə bağlı məlumat verərək, gündəlikdəki məsələləri müzakirəyə çıxarıb.
İlk növbədə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, 2025-2026-cı illər mövsümündə Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat veriblər. Onlar, stadionlarda mövcud olan çatışmazlıqlar barədə də ətraflı danışıb.
Komitə, 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar, Premyer Liqaya yüksələcək klublara infrastruktur və inzibati sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi qərarını qəbul edib. Bu qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalar üçün tətbiq ediləcək.
Daha sonra, Cahangir Fərəcullayev, Azərbaycan milli komandalarının aşağı yaş qruplarının baş məşqçiləri ilə bağlı məlumat verib. Belə ki, 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.
Eyni zamanda, digər yaş qrupları üzrə baş məşqçilər də təyin edilib:
- Elxan Abdullayev – Azərbaycan U-19
- İlham Yadullayev – Azərbaycan U-18 (2008-ci il təvəllüdü)
- Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdü)
Onların hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə bağlanıb.
İclasda həmçinin AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyən edilib. Konfrans 11 aprel 2025-ci ildə keçiriləcək.
Son olaraq, Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.