Digər

Ağdamda Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate turniri keçirilib

Bakı, 29 iyun , Tsport.az 

28 iyun 2025-ci il tarixində Ağdam Olimpiya İdman Kompleksində mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate üzrə Qarabağ turniri baş tutub. Yarış Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Tsport.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 20-yə yaxın komandadan 200-dən çox idmançı iştirak edib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, mərhum idmançının ailə üzvləri, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, AKF-in baş katibi Qabil Sayadov, idman veteranları və rayon ictimaiyyəti iştirak ediblər.

Açılış mərasimi Dövlət Himni ilə başlayıb, Ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər çıxışlarında ölkəmizdə idmana göstərilən dövlət qayğısını vurğulayıb, gənc idmançılara uğurlar arzulayıblar.

Mərhum idmançının anası çıxışında turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Yarış qaliblərin mükafatlandırılması ilə başa çatıb.