Dünya Futbolu

Alejandro Garnacho, “Fenerbahçe”yə gəlir? Transferdə böyük sürpriz!

Bakı, 2 avqust ,  Tsport.az

“Fenerbahçe”, Manchester United”in argentinalı cinah oyunçusu Alejandro Garnacho ilə müqavilə imzalaya bilər.

Tsport.az xəbər verir ki, 2025/26 mövsümündə Süper Liqada çempionluq hədəfləyən sarı-lacivərlilər, transfer çalışmalarını sürətləndirib.

Əvvəlcə Archie Brown və Jhon Duranı transfer edərək sol cinah və hücumdakı boşluqları dolduran “Fenerbahçe”, son olaraq Milan Skriniar və Semedo ilə razılığa gələrək sağ cinah və mərkəz müdafiə xəttini də gücləndirmişdi. İndi isə diqqətlər cinah transferlərinə yönəlib.

Marco Asensio ilə razılıq əldə etməsinə baxmayaraq, yüksək maliyyət səbəbilə bu transferdən geri çəkilən “Fenerbahçe”də gündəmə baş məşqçi Jose Mourinhonun da çox istədiyi Alejandro Garnacho gəlib.

İlk dəfə 2021/22 mövsümündə “Manchester United”ın əsas komandasında forma geyinən argentinalı futbolçu Premyer Liqa təmsilçisindən başqa heç bir klubda oynamayıb.

Ötən mövsüm “Manchester United” forması ilə 58 oyunda çıxış edən və klubun əvəzolunmaz futbolçularından birinə çevrilən Garnacho üçün “Fenerbahçe” rəhbərliyinin bütün imkanlarını səfərbər edəcəyi bildirilib. Lakin bu transferdəki əsas maneə 21 yaşlı futbolçunun 45 milyon avroluq bazar dəyəridir.

Hər şeyə baxmayaraq, yeni mövsümdə güclü və alternativlərlə zəngin heyət qurmaq istəyən “Fenerbahçe”də prezident Ali Koçun bu transferdən geri addım atmayacağı vurğulanıb.

Digər tərəfdən, “Manchester United”da baş məşqçi Ruben Amorim ilə problemlər yaşayan Alejandro Garnachonun ayrılığa müsbət yanaşdığı və gələn təklifləri dəyərləndirməyə hazır olduğu qeyd edilib.

Aytac Mustafayeva