Aleksandr Oveçkin tarixə düşən növbəti uğuruna imza atıb
Bakı, 5 aprel, Tsport.az
NHL-nin rusiyalı ulduzu Aleksandr Oveçkin tarixə düşən növbəti uğuruna imza atıb.
Tsport.az xəbər verir ki, “Washington Capitals” komandasının 39 yaşlı hücumçusu əfsanəvi Ueyn Qretskinin 894 qolluq rekordunu təkrarlayıb.
NHL-in rəsmi məlumatına görə, bu nailiyyət Oveçkin tərəfindən “Chicago Blackhawks” ilə keçirilən qarşılaşmada reallaşıb. Matçın üçüncü dövrəsinin 6:14-cü dəqiqəsində karyerasının 894-cü qolunu vuran Oveçkin, eyni zamanda həmin oyunda dubla imza atıb və komandasının 5:3 hesablı qələbəsinə töhfə verib.
Əgər o, aprelin 6-da baş tutacaq “New York Islanders” ilə oyunda da fərqlənərsə, NHL tarixində ən çox qol vuran oyunçu kimi Ueyn Qretskini geridə qoyacaq və təkbaşına liderliyə yüksələcək.
Qeyd edək ki, Aleksandr Oveçkin 2005-ci ildən bəri yalnız “Washington Capitals” klubunda çıxış edir və adını artıq çoxdan NHL əfsanələri sırasına yazdırıb. Bu rekord isə onu ölməzlər arasına qatmağa bir addım daha yaxınlaşdırır.