Aleksey Morozov: III MDB Oyunları bizim üçün tam bir beynəlxalq startdır
Bakı, 29 sentyabr, Tsport.az
“Rusiya idmançıları güclü motivasiyalı rəqibləri görməkdən çox məmnundurlar və özləri qələbə üçün can atırlar. Biz beynəlxalq yarışlara az gedirik, ona görə də III MDB Oyunları bizim üçün tam bir beynəlxalq startdır”.
Tsport.az xəbər verir ki, bu barədə Gəncədə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasında iştirak edən Rusiya idman nazirinin müavini Aleksey Morozov bildirib.
Onun sözlərinə görə, Rusiya komandası III MDB Oyunlarında ən böyük nümayəndə heyətlərindən biridir.
“Biz Xankəndinə, eləcə də yarışların keçirildiyi bütün şəhərlərə mütləq səfər edəcəyik. Bu bizim üçün çox vacibdir”, – deyə rusiyalı nazir bildirib.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.