Azərbaycan Futbolu

Alina Dorofeyevanın “Rubin”in mükafatçılar sırasına düşmək şansı yoxdur

Bakı, 22 iyul , Tsport.az 

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Alina Dorofeyevanın formasını geyindiyi Rusiyanın “Rubin” klubu ölkə çempionatında mükafatçılar sırasına düşmək şansının olmadığını bildirib.

Tsport.az xəbər verir ki, Alina Dorofeyeva rəqiblərlə xal fərqinin böyük olması səbəbindən mükafatçılar sırasında yer almaq şanslarının olmadığını deyib: “Əsas vəzifəmiz hər matçda qalib gəlmək və turnir cədvəlində yüksəlməkdir. Hazırda 11-ci yerdəyik, düşünürəm ki, mükafatçılar sırasında yer almaq şansımız yoxdur. Çünki fərq çox böyükdür”.

O, ölkə çempionatında “Zvezda-2005” ilə matçdan sonra XV turun rəmzi yığmasına düşdüyünə görə sevincini ifadə edib: “Əlbəttə ki, turun rəmzi yığmasına düşə bildiyim üçün şadam. Amma ən əsası komandanın 3 xal qazanması və qalib gəlməsidir”.

A.Dorofeyeva “Zvezda-2005” ilə oyunda məhsuldar ötürmə müəllifi olmasına və qol epizoduna da toxunub: “Bizim üçün yaxşı oyun oldu. Topu rəqibdən aldım və məhsuldar ötürmə verdim. Müdafiəçilər bunun qarşısını ala bilmədilər. Nəticədə hücumçumuz topu qapıya göndərməyi bacardı”.

Qeyd edək ki, A.Dorofeyevanın formasını geyindiyi “Rubin” Rusiya çempionatının XV turunda “Zvezda-2005” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda məhsuldar ötürmə (21-ci dəqiqə) verən müdafiəçi turun rəmzi yığmasına düşüb.