Azərbaycan FutboluMüsahibə

“Araz-Naxçıvan” mənim üçün bir ailə idi” – Vadim Abdullayev

Bakı, 5 iyun , Tsport.az 

Bu sözləri “Araz-Naxçıvan“dan ayrılan Vadim Abdullayev deyib. Naxçıvan təmsilçisi 2024-2025 mövsümü bitdikdən sonra komandanın kapitanı Vadim Abdullayevlə müqavilən müddətini uzatmayıb.

Tsport.az xəbər verir ki, 30 yaşlı futbolçu fikirlərini bizimlə bölüşüb.

– Klubdan ayrılmağınıza səbəb nə oldu?
– Klubdan ayrılmağımın əsas səbəbi rəhbərliyin məni artıq komandada görmək istəməməsidir. Əgər məni klubda görmək istəmirlərsə, mənim qalmağımın da bir mənası yoxdur. Açığı, belə bir qərarın veriləcəyini gözləmirdim. Bu qədər əziyyətdən, fədakarlıqlardan sonra bu cür ayrılıq mənim üçün gözlənilməz oldu.

– Bu qərar sizi emosional olaraq necə təsir etdi?
– Çox çətin oldu. Mən komandaya hər şeyimi vermişdim. 3 il ərzində, xüsusilə komandanın ən ağır dövrlərində heç vaxt tək qoymadım. “Araz-Naxçıvan”la Konfrans Liqasına vəsiqə qazanmaq üçün böyük əziyyətlər çəkdik. Amma bu futboldur – bəzən hər şey istədiyimiz kimi getmir. Allah bir qapını bağlayanda, başqa bir yerdə daha yaxşısını açır. Həyat davam edir.

– Məşqçi heyətinin bu qərarda rolu olubmu?
– Mənə elə gəlir ki, məşqçilər qalmağımı istəyirdi. Amma görünür ki, bu dəfə qərar başqa yerdən verildi. Təəssüf ki, bu futbolda tez-tez rast gəlinən bir haldır.

– Hazırda hansı planlarınız var? Yeni klubla danışıqlar aparırsınızmı?
– Hələlik konkret bir klubla danışığım yoxdur. Yeni təkliflər gözləyirəm. Klubu yerli və ya xarici olması mənim üçün o qədər də önəmli deyil. Əsas olan – oynamaqdır. Ondan sonra danışıq da, razılaşma da olar.

– Komanda yoldaşlarınızdan dəstək gördünüzmü?
– Bəli, komanda yoldaşlarım sağ olsunlar, zəng edib maraqlanırlar. Mən çalışdığım müddətdə hər zaman münasibətləri düzgün saxlamışam – istər klub daxilində, istər idman ictimaiyyəti, istərsə də idman jurnalistləri ilə. Heç kimlə problemim olmayıb.

– Milli komandadakı təcrübəniz barədə nə deyə bilərsiniz?
– Bir futbolçu üçün əsas təcrübələrdən biri millidə oynamasıdır. Şükürlər olsun ki, milli formanı geyindim və əlimdən gəldiyi qədər komandaya kömək etdim.

– “Araz-Naxçıvan” sizin üçün nə ifadə edirdi?
– Əfsuslar olsun ki, bəzən əlimizdə olmayan hadisələr baş verir. Mən komandada Naxçıvan dövründə də oynamış yeganə futbolçulardan biriyəm. Orada I Liqanın çempionluğunu yaşadıq. “Araz-Naxçıvan” mənim üçün böyük bir ailə idi, yeri həmişə ayrı olacaq. Komandaya çox bağlanmışdım. İndi bu barədə danışmaq belə məni kövrəldir. Amma artıq “Araz-Naxçıvan” səhifəsi mənim üçün bağlanıb. Bu yerlərə zəhmətlə, qazıya-qazıya gəlmişəm.

Bahar Rüstəm