Arda Güler haqqında qalmaqallı sözlər: “İntihar kimi gəlir!”
Bakı, 20 iyul , Tsport.az
“Real Madrid”in ulduzu Arda Güler ilə bağlı deyilən şok fikirlər gündəmə bomba kimi düşüb.
Tsport.az xəbər verir ki, “Fenerbahçe”nin sabiq ulduzu Arda Güler, Kadıköydən “Real Madrid”ə transfer olunduğu gündən bu yana hər kəsin diqqətini üzərinə çəkməyi bacarıb.
Carlo Ancelotti dövründə çox az forma şansı qazanan və adı tez-tez transfer xəbərlərində hallanan Ardanın “Los Galacticos”dakı taleyinin Xabi Alonso ilə dəyişəcəyi gözlənilir.
“Bayer Leverkusen”nin baş məşqçisi olduğu dövrdə də Arda Güleri icarəyə götürmək üçün dəfələrlə təşəbbüs göstərən ispan çalışdırıcı, indi “Real Madrid”in başına keçdikdən sonra bu istəyini gerçəkləşdirib.
Gənc məşqçinin, Luka Modrićin komandadan ayrılması ilə Gülerə daha çox məsuliyyət verəcəyi və ispan mediasının dediyi kimi, onu “komandanın beyni” rolunda görəcəyi gözlənilir.
Lakin görünən odur ki, hamı Alonso ilə eyni fikirdə deyil.
Arda Güler haqqında “Real Madrid”in sabiq futbolçularından Pedja Mijatoviç diqqətçəkən fikirlər səsləndirib.
“El Larguero de la Cadena SER” proqramında çıxış edən Mijatoviç bildirib ki, Ardanın Modrićin yerini tutması mümkün deyil, əgər bir gün tutacaqsa belə, bunun üçün hələ tezdir.
“İntihar kimi gəlir!”
Sabiq futbolçu Arda ilə bağlı hər kəsi təəccübləndirən bu sözləri deyib:
“Modrićin daşıdığı məsuliyyəti Gülerə vermək mənə intihar kimi gəlir. Onda yaradıcılıq çatışmazlığı var. Fikrimcə, başqa bir yaradıcı oyunçu ilə razılaşmalı, onu transfer etməli və Arda Gülerə vaxt verməliyik.”
Aytac Mustafayeva