Arda Güler, “Real Madrid”-in əsas oyunçularından biri oldu
Bakı, 8 oktyabr, Tsport.az
Türkiyənin milli futbolçusu Arda Güler, bu mövsüm İspaniyanın “Real Madrid” klubunda əsas oyunçulardan birinə çevrilib.
Tsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi, komandanın bütün yarışlarda oynadığı 16 matçın 14-də start heyətində meydana çıxıb.
Ötən mövsüm Carlo Ancelotti dövründə əsasən ehtiyat oyunçu kimi çıxış edən Arda, Xabi Alonsonun baş məşqçi təyin olunmasından sonra daha çox 11-likdə yer alır.
“Real Madrid” bu mövsüm La Liga-da 8, Çempionlar Liqasında 2 və Klublar Dünya Kubokunda 6 oyuna çıxıb. Arda yalnız La Liga-dakı “Espanyol” və Dünya Kubokundakı “Al Hilal” oyunlarında sonradan meydana daxil olub.
Güler bu mövsüm komandada ən çox oynayan futbolçulardan biridir. O, ümumilikdə 1 141 dəqiqə meydanda olub və oyun başına orta hesabla 71,3 dəqiqə forma geyinib.