Azərbaycan Futbolu

“Aris”in baş məşqçisi: “Araz-Naxçıvan”ı təhlil etmişik”

Bakı, 23 iyul , Tsport.az

Yunanıstanın “Aris” komandasının baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan“a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında çıxış edib.

Tsport.az xəbər verir ki, Uzunidis səfər matçından sərfəli nəticə ilə qayıtmaq istədiklərini bildirib: “Bu, mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” klubuna rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. “Araz-Naxçıvan”ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir. Sabahkı oyun üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular tam gücünü ortaya qoymalıdırlar.”

O, Azərbaycan klublarından hər il Avropada “Qarabağ”ı gördüklərini də vurğulayıb: “Sizin komandalarınızdan “Qarabağ”ı və “Neftçi”ni tanıyıram. “Qarabağ” hər il avrokuboklarda qruplara düşür. Bunun şahidi oluruq. Ümumiyyətlə, futbolunuzun inkişafda olduğunu söyləyə bilərəm.”

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.