ARMPK və ACF arasında görüş keçirilib
Bakı, 16 oktyabr, Tsport.az
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərlikləri arasında görüş keçirilib.
Tsport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının inzibati binasında keçirilən görüşdə ARMPK-nın prezidenti Hidayət Abdullayev, baş katib Toğrul Rəhimov, mətbuat katibi Fərid Qarazadə, həmçinin ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və idman direktoru Kamran Talıbov iştirak ediblər.
Görüş zamanı ARMPK və ACF arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
ACF-in illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-in infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.