Digər

Azərbaycan cüdoçuları Şimali Makedoniyada fəxri kürsüyə yüksəlib: Komanda liderliyi davam edir!

Bakı, 24 iyul , Tsport.az

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan cüdo millisi növbəti uğurlara imza atıb. Yarışların ikinci günündə daha 3 cüdoçumuz medal qazanaraq ölkəmizi sevindirib.

Tsport.az xəbər verir ki, Nuranə Hacızadə (-48 kq) və Zeyd Ələsgərov (-60 kq) gərgin mübarizədə gümüş medallara layiq görülüblər. Eyni zamanda, -52 kq çəki dərəcəsində mübarizə aparan Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı rəqibi Alis Lopez üzərində ipponla qələbə qazanaraq bürünc medalın sahibi olub.

Xatırladaq ki, ilk yarış günündə də cüdoçularımız möhtəşəm çıxış etmişdilər. Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalları Vətənə gətirmişdilər.

Ümumilikdə, 3 qızıl, 2 gümüş və 1 bürünc medalla Azərbaycan millisi toplam 6 medal əldə edərək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında ümumi komanda hesabında liderliyini davam etdirir. Cüdoçularımızın bu uğurları gələcək yarışlar üçün böyük ümidlər vəd edir.