“Azərbaycan Çempionatının ən yaxşı 2 komandasının oyunu oldu”
Bakı,13 sentyabr , Tsport.az
Misli Premyer Liqası IV turunda “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edib.
Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra “Zirə”nin üzvü
Tiago Silva fikirlərini bizimlə bölüşüb:
– Çox gərgin oyun oldu. Mən bu qarşılaşmanı Azərbaycan çempionatının iki ən yaxşı komandasının oyunu adlandırardım. Artıq oyundan əvvəl bilirdik ki, “Qarabağ” toplu oyunda nə qədər təhlükəlidir. Buna görə də düşünürəm ki, 90 dəqiqə ərzində müdafiə planında çox yaxşı iş gördük. Qol vurmağı da bacardıq. Hətta xatırlamıram ki, “Qarabağ”a qarşı bu qədər çoxlu qol fürsəti yarada bilək. İkinci qolu da vura bilərdik. Sadəcə bəzi imkanlardan yararlana bilmədik. Amma ümumilikdə komanda adına çox sevindim. Nəticədən də məmnunuq.
– Kadynin qolunda təəccübləndiniz?
Bunu özünüz də gözləmirdiniz?
– Sadəcə gözləmək məsələsi deyil. Kady kimi futbolçular xüsusilə standart vəziyyətlərdən, cərimə zərbələrindən fərq yarada bilən oyunçulardandır. Onu qol vurması münasibətilə təbrik edirəm. Bizim üzərimizə düşən isə gələn həftə bu oyunu yaxşı analiz edib daha çox çalışmaqdır.
– Artıq ilk 4 tur geridə qalıb. İlk 4 turu dəyərləndirsəniz, keçən mövsümlə müqayisədə daha çətin və gərgindir, necə düşünürsünüz?
– Çempionatın gərgin keçdiyini çox doğru vurğuladınız. Çünki hazırda ötən il ilə müqayisədə komanda sayı artıb. Legioner limiti də ləğv edildiyi üçün məşqçilərə istədikləri futbolçuları komandaya dəvət etmək imkanı yaradılıb. Sadalanan amilləri nəzərə alsaq, demək olar ki, bu il çempionat ötən ildən daha gərgin keçəcək. Məncə, biz bu oyunla göstərdik ki, çempionatı yüksək pillədə tamamlaya biləcək potensiala malikik.
– Bayaq da qeyd etdiyiniz kimi, Azərbaycan çempionatının iki ən yaxşı komandasından birisiniz. Neçə mövsümdür ki, “Zirə” çempionatı ikinci pillədə tamamlayır. Sizcə, nə vaxtsa “Zirə” birinci yeri tutaraq “Qarabağ”ı geridə qoya bilər?
– Mən Azərbaycana gəldiyim ilk gündən ictimaiyyət qarşısında dəfələrlə titullar qazanmaq istədiyimi vurğulamışam. Bunun üçün isə sadəcə çalışmaq lazımdır. Təkcə “Qarabağ”la oyunlarda yox, “Qəbələ” və digər komandalarla qarşılaşmalarda da maksimum xal toplamalı, bacardığımız qədər çalışmalıyıq. Yalnız bu halda istədiyimiz məqsədə nail ola bilərik.
Bahar Rüstəm