Azərbaycan futboluna ağır itki
Bakı, 23 mart, Tsport.az
Azərbaycan futbolunun tanınmış simalarından biri, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında dünyasını dəyişib.
Tsport.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkədə məlumat yayıb. O, Çingiz İsmayılovun aprelin 12-də 90 yaşını qeyd edəcəyini, lakin bu gün haqq dünyasına qovuşduğunu bildirib.
Daha əvvəl İsmayılovun pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Uzun illər Azərbaycan futboluna xidmət edib
Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. O, 1955-1962-ci illərdə “Neftçi” klubunun heyətində çıxış edib. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, eləcə də “Neft Daşları” komandalarında da forma geyinib.
1994-cü ildə AFFA-nın baş katibi seçilən İsmayılov, 9 il boyunca Azərbaycanın ali futbol qurumunda çalışıb. Futbola verdiyi töhfələrə görə o, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan futboluna böyük xidmətləri olan Çingiz İsmayılovun vəfatı futbol ictimaiyyəti üçün ağır itkidir. Allah rəhmət eləsin!