Digər

Azərbaycan Üzgüçülük Federasiyası 2025–2029 strateji planını təqdim etdi

Bakı, 22 iyul , Tsport.az 

Bu gün Azərbaycan Üzgüçülük Federasiyası növbəti dörd ili – 2025–2029-cu illəri – əhatə edəcək yeni strateji planını təqdim edib.

Tsport.az xəbər verir ki, Federasiya Prezidenti Zaur Əliyev tədbirdə çıxış edərək planın dörd əsas prinsip üzərində qurulduğunu bildirib: üzgüçülük bacarıqlarının bütün vətəndaşlar arasında artırılması, idman növünün kütləviliyinin genişləndirilməsi, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanmaq, həmçinin məktəblilər arasında üzgüçülüyün təşviqi.

Federasiya ilə Gənclər və İdman Nazirliyi birlikdə regionlardakı Olimpiya komplekslərinin hovuzlarında məktəblilərin könüllü əsasda, valideyn razılığı ilə üzmə təlimlərinə cəlb olunmasını planlaşdırır. Məqsəd məktəb yaşından üzmə bacarıqlarının sistemli şəkildə öyrədilməsi və həvəskar yarışlar, festivallar vasitəsilə idmana marağın artırılmasıdır.

Federasiyanın loqosunun yenilənməsinə baxmayaraq, adı dəyişdirilməyəcək. Zaur Əliyev deyib ki, digər ölkələrin təcrübəsinə əsaslanaraq “Üzgüçülük Federasiyası” adını saxlamanın məqsədəuyğun olduğu qənaətinə gəlinib. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə ad dəyişikliyi müzakirə edilə bilər.

Su polo komandasının baş məşqçi postu üçün axtarışlar davam edir. Xarici mütəxəssis axtarışında olan federasiya, Xorvatiya su polo məktəbinin təcrübəsini öyrənmək üçün səfərlər təşkil edəcək və uyğun namizəd seçəcək. Əməkdaşlıq çərçivəsində İdman Akademiyası ilə əlaqələr daha da möhkəmləndirilib.

Boğulma hadisələrinin qarşısını almaq üçün sosial media və digər platformalarda daimi maarifləndirmə aparılacaq. FHN və digər qurumlarla birgə sahilboyu nəzarət gücləndirilsə də, əsas həll yolu olaraq məktəblərdə üzmə dərslərinin strateji proqramlar əsasında keçirilməsi qəbul edilib. Məqsəd hər bir gəncin minimum üzmə bacarığına yiyələnməsidir.

Federasiya Prezidenti vurğulayıb ki, strateji plan mütəmadi qiymətləndiriləcək və əldə olunan nəticələr rəsmi hesabatlarda yer alacaq. Yeni dövrdə üzgüçülük yalnız idman uğurları deyil, sağlam həyat tərzinin təşviqi baxımından da prioritet olacaq.