Azərbaycanlı boksçular “Strandja” turnirində finala yüksəlib
Bakı, 2 mart, Tsport.az
Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində final mərhələsinə vəsiqə qazanıb.
Tsport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Zəlimxan Süleymanov yarımfinalda gürcüstanlı Giorgi Kapanadzeni 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda özbəkistanlı Xujanazar Nortojyevlə qarşılaşacaq.
67 kq çəki dərəcəsində mübarizə aparan Zaur Qəhrəmanov isə gürcü rəqibi Demur Kajayanı 5:0 hesabı ilə məğlub edib. Finalda o, qazaxıstanlı Torexan Sabirxanla üz-üzə gələcək.
Digər idmançılarımızdan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər. Hüseynov döyüş zamanı zədələndiyi üçün görüşü davam etdirə bilməyib, İsgəndərov isə rəqibi Sabirxana 2:3 hesabı ilə uduzub.