Azarkeşlər darıxdıqları üçün stadiona kağız təyyarələr atdılar
Bakı, 10 oktyabr, Tsport.az
İngiltərə yığmasının baş məşqçisi Thomas Tuchel, vəzifəyə təyin olunduğu cəmi 10 ay ərzində yenidən açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Tsport.az xəbər verir ki, komandasının Uels üzərində 3:0 hesablı yoldaşlıq qələbəsindən (Wembley stadionunda 78 mindən çox tamaşaçı qarşısında) sonra Tuchel, azarkeşlərin yaratdığı atmosferi yetərli hesab etməyib:
“Mən ingilis futbolunu və azarkeşlərini çox sevirəm, amma bu dəfə stadiondakı ab-hava komandamızın oyununa uyğun deyildi. Serbiyada azarkeşlərdən əla dəstək görmüşdük. Bu gün isə 20 dəqiqəyə 3:0 hesabı ilə önə keçdik, ardıcıl top qazanırdıq, amma sanki stadionda həyəcan yox idi.”
Tuchel əlavə edib ki, bu məsələni problemə çevirmədən, azarkeşləri yenidən oyuna cəlb etməyə çalışacaqlar:
“Biz hər şeyi edəcəyik ki, atmosfer daha enerjili olsun. Bu, bizim üzərimizdədir. Amma bu axşam bir qədər məyus oldum.”
Matç zamanı bəzi azarkeşlərin kağız təyyarələr atması da diqqət çəkib — bu, son illərdə İngiltərə azarkeşlərinin darıxdıqlarını göstərən tipik bir jest hesab olunur.
Tuchelin bu açıqlamaları ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və bir çoxları onun azarkeşlərə yönəlik tənqidlərinin haqlı olub-olmadığını mübahisə mövzusuna çeviriblər.