Azarkeşlər şoka düşdü – Ronaldo rəsmi olaraq Türkiyədə!
Bakı, 1 aprel, Tsport.az
TFF 2. Liqa təmsilçisi Karaman FK, 1 Aprel münasibətilə sosial şəbəkələrdə maraqlı bir zarafata imza atıb.
Tsport.az xəbər verir ki, klub, dünya futbolunun əfsanəsi Cristiano Ronaldonu heyətinə qatdığını elan edərək, bunu yumoristik üslubda təqdim edib.
Rəsmi açıqlamada bu ifadələr yer alıb:
“Ailəmizə xoş gəldin Cristiano! Karaman Futbol Klubu olaraq gənc istedad Cristiano Ronaldo dos Santos Aveiro ilə 7+0 günlük müqavilə imzalamışıq! İmza mərasimində danışan Cristiano Ronaldo bildirib ki, 7 nömrəli formanı istəsə də, Polat Yaldır geyindiyi üçün ona verilməyib. Bu səbəbdən meydanda 70 nömrə ilə çıxış edəcək. Buradakı stadionun Santiago Bernabéu və Old Trafforddan daha yaxşı olduğunu söyləyən ulduz futbolçu azarkeşləri Çərşənbə günü saat 14:00-da baş tutacaq Somaspor oyununa dəvət edib.”
Klubun bu zarafatı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
