“Əgər Ayxan müəllim qalarsa, buna çox sevinərəm”-Emin Mahmudov
Bakı,10 sentyabr , Tsport.az
2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə ilk matçına çıxıb.
Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra millimizin üzvü, kapitanı Emin Mahmudov fikirlərini bizimlə bölüşüb:
– Doğrudan da çətin oyun oldu. Çünki Ukrayna millisi çox güclü komandadır, yaxşı futbolçuları var. Buna baxmayaraq, biz əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq. Nəticənin belə olması da məhz bu mübarizənin sayəsində mümkün oldu.
*– Vurduğunuz qolla hazırda millinin yeganə bombardirisiniz. Bu barədə nə deyə bilərsiniz?*
– Bu, mənim üçün böyük qürur hissidir. Həqiqətən də möhtəşəm bir duyğudur. O qolu vurmaq üçün çox çalışmışdım. Ən əsası isə, qolun nəticəyə təsir etməsi idi. Əgər uduzsaydıq, o qədər də sevinə bilməzdim. Amma yaxşı nəticə qazandıq, bu da sevinməyə əsas verdi.
*– Ayxan müəllimin gəlişi komandaya necə təsir göstərdi?*
– Ayxan müəllim bizi tanıyır. Bu da bizim üçün üstünlükdür. Cəmi bir gün də olsa, psixoloji olaraq bizə çox təsir etdi və inandırdı ki, bir yerdə olsaq, nəticə qazana bilərik.
*– Azarkeşlər də Ayxan Abbasovun gəlişini böyük coşqu ilə qarşıladı. Sizcə, onun milli komandaya təsiri necə olar?*
– Əgər Ayxan müəllim qalarsa, buna çox sevinərəm. Biz maksimum çalışacağıq ki, ona kömək edək və o da bizimlə birlikdə yaxşı nəticələr qazansın.
*Penaltidə bəzi azarkeşlər Toral Bayramovun adını qışqırırdı. Bu penalti vurmağında təsiri oldu?*
– Açığı, penaltidə qol vurmasam da, orada özümü həmişə rahat hiss edirəm. Yeganə sahədir ki, tam rahat oluram.
*– Bu oyundan sonra azarkeşlərdə ümid yaranıb. Növbəti rəqib isə Fransadır. Bu oyuna necə hazırlaşırsınız?*
– Təbii ki, Fransa güclü rəqibdir, möhtəşəm futbolçuları var. Biz də maksimum səviyyədə hazırlaşmağa çalışacağıq. Birlikdə olub, bacardığımızın ən yaxşısını göstərəcəyik.
Bahar Rüstəm