Azərbaycan Futbolu

“Əsas məqsədimiz çempionluqdur”

Bakı, 25 oktyabr, Tsport.az

Azərbaycan I Liqasının VII turunda “Şəfa” doğma meydanda “Səbail“i qəbul edib.

Tsport.az xəbər verir ki, 2-2 hesabı ilə başa çatan matçdan sonra “Şəfa”nın üzvü Ramin Nəsirli fikirlərini bizimlə bölüşüb:

“Oyun çox gərgin keçdi. Hər iki komanda bu qarşılaşmaya yaxşı hazırlaşmışdı, biz də eyni şəkildə hazır idik. Təəssüf ki, yaranan fürsətləri dəyərləndirə bilmədik. Amma ümid edirəm ki, gələcək oyunlarda özümüzü daha yaxşı tərəfdən göstərə biləcəyik”.

O, ilk hissədə qolun olmamasına da toxunub:
“Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik, lakin fürsətlərdən istifadə edə bilmədik. Belə hallar oyunun bir hissəsidir. Düşünürəm ki, növbəti qarşılaşmalarda bu baxımdan daha yaxşı çıxış edəcəyik.”

Futbolçu əldə edilən bir xal barədə də fikirlərini bölüşüb:
“Əslində, bir xal da pis nəticə deyil. Təbii ki, üç xal istərdik, amma buna baxmayaraq, hazırda turnir cədvəlində birinci yerdəyik.”

Karyerasında “Araz-Naxçıvan” təcrübəsinə də toxunan oyunçu bildirib ki, komandaya uyğunlaşmaqda çətinlik çəkməyib:
“Bir mövsüm zədəli oldum, ‘Araz-Naxçıvan’da olanda da bu problem yaşanmışdı. Amma buradakı kollektiv və məşqçi heyəti çox yaxşıdır, ona görə uyğunlaşmaq mənim üçün çətin olmadı.”

Son olaraq, o, mövsümün sonu üçün hədəflərini də açıqlayıb:
“Mövsümün sonu üçün əsas məqsədimiz çempionluqdur. Ümid edirəm ki, buna nail olacağıq.”

Bahar Rüstəm