“Komandamı tərk etməyi özümə yaraşdırmadım”
Bakı, 25 oktyabr, Tsport.az
Azərbaycan I Liqasının VII turunda “Şəfa” doğma meydanda “Səbail“i qəbul edib.
Tsport.az xəbər verir ki, 2-2 hesabı ilə başa çatan matçdan sonra “Səbail”in kapitanı Yusif Nəbiyev fikirlərini bizimlə bölüşüb:
– Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, oyun gərgin və çətin olacaq, elə də oldu. Geri düşdük, hesabı qoruya bilmədik. Bəlkə də 2:1 hesabı ilə önə keçib üstünlüyü qorusaydıq, daha uğurlu nəticə olardı. Rəqabət davam edir.
– İlk hissədə geri dönüş etsəniz də, ikinci hissədə nə dəyişdi?
– “Şəfa”nın həm azarkeş kütləsi çox idi, həm də öz stadionlarında oynayırdılar. Stadion şəraiti də bir qədər fərqli idi – məsələn, sulanma sistemi və digər imkanlar məhduddur. Amma biz bacardığımızı etdik.
– Komanda I Liqaya düşdükdən sonra komandanın heyəti yeniləndi. Yeni oyunçuların adaptasiya prosesi bitib?
– Onsuz da çətin olacağını gözləyirdik. Komandanın böyük hissəsi yenilənib. Mən özüm də ilk dəfə bu heyətlə oynayıram. Əsas liqa ilə arasında böyük fərq var. Burada rəqabət çox sərtdir – döyüş gedir, futbol az oynanılır desək, səhv etmərik.
– Bir xal sizə gələcək oyunlarda nə dərəcədə kömək edəcək?
– Mənim fikrimcə, bu bir xal bizə növbəti oyunlarda çox kömək edəcək.
– Sizcə, çempionluq “Şəfa” və “Səbail” arasında gedəcək?
– Açığı, nə qədər fərqli görünsə də bu reallıqdır ki, çempionluq əsasən bu iki komanda arasında gedir. Digər komandalar da güclüdür, onlara hörmətsizlik olmasın, amma reallıq budur.
– “Mingəçevir” komandasıda çempionluq idiaları olan komandadır. Mübarizəyə qoşulublar?
– “Mingəçevir” də yaxşı komandadır, yaxşı futbol oynayırlar.
– Premyer Liqadan təklifiniz olduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, Premyer Liqadan real təklifim var idi. Mən “Səbail”də iki mövsüm oynamışam və həm də kapitan idim. Belə bir vəziyyətdə komandamı tərk etməyi özümə yaraşdırmadım. Mənim üçün burada qalmaq bir borc idi.
– Premyer Liqa və I liqa arasındakı səviyyəyə baxanda nələr düşünürsünüz?
– Açığı, istər-istəməz insanın könlü orada oynamağı arzulayır. Baxırsan, istək yaranır. Amma hazırkı vəziyyət belədir ki, mənim də səhvim nəticəsində komandamız Premyer Liqadan düşüb. İndi isə ora qayıtmaq üçün canla-başla çalışırıq.
Bahar Rüstəm

