Azərbaycan Futbolu

Peşəkar Futbol Liqasının məlumatı

Bakı, 22 oktyabr, Tsport.az

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb. Bununla əlaqədar olaraq, Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.

Tsport.az xəbər verir ki, əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.

Aparılmış qiymətləndirmə nəticəsində “Bank Respublika Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.