Azərbaycan Futbolu

“Qəbələ” Futbol Akademiyası fəaliyyətini müvəqqəti məhdudlaşdırdı

Bakı, 3 iyul , Tsport.az 

Azərbaycan futbolunun istedad mənbələrindən biri olan “Qəbələ” Futbol Akademiyası maliyyə çətinlikləri səbəbindən fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırmaq qərarına gəlib.

Tsport.az xəbər verir ki, klubun rəsmi açıqlamasında bu addımın asan verilmədiyi, lakin mövcud şəraitin buna vadar etdiyi bildirilir.

“Qəbələ” İdman Klubu olaraq, bu gün Azərbaycan futbol ictimaiyyəti ilə bölüşmək istədiyimiz vacib bir qərarı açıqlayırıq. 2005-ci ildən etibarən fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası, ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırmış, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynamışdır. Bu illər ərzində akademiyamız ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə vermişdir. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən “Qəbələ” Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk”.