Azərbaycan millisi Belarusla yoldaşlıq oyunlarına hazırlaşır
Bakı, 17 iyun , Tsport.az
Azərbaycanın qadın futbol millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri və hakimləri müəyyənləşib.
Tsport.az xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İyulun 1-dəki qarşılaşma isə Minskdəki “Traktor” stadionunda təşkil olunacaq və saat 17:00-da start götürəcək.
Hər iki matçı rusiyalı hakim Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina kömək edəcək. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
Millimizin təlim-məşq toplanışı iyunun 25-dən iyulun 2-dək Minskdə davam edəcək. Heyət barədə məlumatın daha sonra açıqlanacağı bildirilib.