“Azərbaycana gəlməmişdən öncə də bu liqanın səviyyəsinin yüksək olduğunu bilirdim”
Bakı, 4 sentyabr , Tsport.az
Misli Premyer Liqası nın III turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub.
Tsport.az xəbər verir ki, 2-1 hesabı ilə başa çatan matçdan sonra “Qəbələ “nin üzvü Ibrahim Sangaré fikirlərini bizimlə böıüşüb:
– Rəqibə hörmətlə yanaşıram. Yaxşı komandadır, Avropada oynamış təcrübəli bir kollektivdir. Bilirdik ki, bizi çətin oyun gözləyir. Onlar qol vurandan sonra böyük təzyiq göstərdilər. İkinci hissədə daha yaxşı oynadıq, amma yenə də oyun çətin keçdi. Bu qarşılaşmanı məşqlərdə analiz edəcəyik, səhvlərimizə baxacağıq və yolumuza davam edəcəyik.
*– Rəqibin sizi çətin vəziyyətə salmasının səbəbləri nələr ola bilər?*
– Əslində bunun bir çox səbəbi ola bilər, ona görə də dəqiq nəsə demək çətindir. Mütləq videoya baxıb analiz etməliyik. Amma hər şeyə baxmayaraq, öz oyunumuza davam etməliyik. Göründüyü kimi, oyundan oyuna inkişaf etməyə çalışırıq.
*– Azərbaycan Premyer Liqası haqqında fikirləriniz nələrdir?*
– Əlbəttə, düşünürəm ki, səviyyəli bir liqadır. Kənardan baxanda bunu hiss etmək çətin ola bilər, amma içəridə olduğun zaman görürsən ki, burada keyfiyyətli oyunlar keçirilir. Mən əvvəllər də “Qarabağ”a qarşı oynamışam və Azərbaycana gəlməmişdən öncə də bu liqanın səviyyəsinin yüksək olduğunu bilirdim. Burada oynamağa başladıqdan sonra buna bir daha əmin oldum.
Bahar Rüstəm