Azərbaycan FutboluMüsahibə

Bəxtiyar Həsənlizadə: “1 top üstünlük psixoloji təzyiq yarada bilər, amma biz qələbə üçün gedəcəyik”

Bakı, 25 iyul , Tsport.az

Araz-Naxçıvan“ın müdafiəçisi Bəxtiyar Həsənlizadə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris” üzərində əldə olunan 2:1 hesablı qələbədən sonra oyunla bağlı fikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki, futbolçu cavab qarşılaşmasının daha çətin keçəcəyini bildirib.

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Aris” haqqında məlumatımız var idi, güclü komandadırlar. Bu gün məğlub olsalar da, ikinci oyun daha çətin olacaq. Ciddi hazırlaşmaq lazımdır.”

O, rəqibin ilk görüşdən əvvəl favorit sayıldığını etiraf edib:

“Bəli, oyundan əvvəl favorit onlar idi. Bəlkə də hələ də kimlərsə onları favorit hesab edir. Amma bu futboldur. Hər şey meydanda həll olunur.”

Cavab matçında rəqib azarkeşlərinin yaratdığı təzyiqə qarşı psixoloji cəhətdən hazır olmaq lazım olduğunu deyib:

“Ordakı oyun fərqli olacaq. Azarkeş amilindən istifadə etməyə çalışacaqlar. O görüşdə psixoloji üstünlük önəmli olacaq. Fürsətlərdən maksimum istifadə etmək lazımdır.”

Komandasının 1 top fərqlə qalib gəlməsinin ikiüzlü nəticə olduğunu vurğulayıb:

“Məncə, 1 top öndə olmaq bizdə müəyyən psixoloji təzyiq yaradacaq. Rəqib daha çox hücuma atılacaq ki, hesabı bərabərləşdirsin. Amma biz də meydana qələbə üçün çıxacağıq. Məqsəd mərhələni keçməkdir.”

Həsənlizadə təlim-məşq toplanışının vacibliyini də vurğulayıb:

“Toplanış Bakıda başladı və çox yaxşı keçdi. Məhsuldar oldu. 4 yoxlama oyunu keçirdik, 3-nü güclü rəqiblərlə oynadıq. Bu oyunlar bizə fayda verdi. O səviyyəni hiss etmək vacib idi. Həmin yüklənmələr bu matçda bizə çox kömək oldu.”

Hədəflərlə bağlı suala isə ehtiyatlı yanaşıb:

“Hədəflər barədə danışmaq hələ tezdir. Hazırda əsas məqsəd mərhələni keçməkdir.”

Oyun zamanı buraxılan səhvlərlə bağlı da danışan təcrübəli futbolçu diqqətsizliyin baha başa gələ biləcəyini bildirib:

“Rəqibin güclü tərəflərini bilirdik. Oyunda bir az diqqətsizlik oldu. Bizim də, müdafiəçilərin də səhvi vardı və rəqib bu səhvdən istifadə etdi. Həqiqətən təhlükəli komandadırlar. Oyunda az fürsətləri oldu, amma ilk real imkandan qol vurdular. Epizodlarda daha diqqətli olmalıyıq.”

Hakim idarəçiliyi ilə bağlı fikirlərini isə bu sözlərlə ifadə edib:

“Hakim haqqında çox danışmaq istəmirəm, amma bizə çox sarı vərəqə verildi. Hətta xırda faullarda belə. Amma əsas məsələ qələbə idi. Hakimə köklənmək oyunumuza mənfi təsir göstərə bilərdi.”

Sonda “VAR” sisteminin yoxluğunun komandasının ziyanına olduğunu bildirib:

“Bəli, rəqibin qolundan əvvəl faul gözləyirdik. Hətta penalti də ola bilərdi. Bu gün “VAR”ın olmaması bizim üçün ziyan oldu. Təkrarlara baxılsa, qərarlar fərqli ola bilərdi. Qol epizoduna tam baxmamışam, amma komanda yoldaşıma qarşı orda faul var idi və penalti də verilə bilərdi.”

“Hələ ki, əsas məqsəd mərhələ keçməkdir.”

Bahar Rüstəm