Badmintonçularımız Serbiyada qızıl və bürünc medal qazandılar
Bakı, 23 iyun , Tsport.az
Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirinə uğurlu start veriblər. Yarışın ilk günündə təmsilçilərimiz 1 qızıl və 1 bürünc medal əldə ediblər.
Tsport.az xəbər verir ki, 13 yaşadək oğlanların şəxsi yarışında “G” qrupunda çıxış edən Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərini məğlub edərək pley-off mərhələsinə yüksəlib. Daha sonra Rumıniya, Bolqarıstan və Türkiyə badmintonçularını da üstələyən Ömər turnirin qızıl medalına sahib çıxıb.
15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi yarımfinala qədər irəliləyib. İsrail, Serbiya və Türkiyə təmsilçilərini məğlub edən cütlük yalnız finala gedən yolda Macarıstan badmintonçularına uduzub və bürünc medalla kifayətlənib.
Eyni kateqoriyada yarışan Ömər Teymurlu – Qəndab Niftalızadə tandemi isə 1/4 finalda Türkiyə cütlüyünə məğlub olaraq medal şansını əldən verib.
13 yaşadək qızların qoşa yarışında Dəniz Əhmədli – Fatimə İsmayılova dueti yarımfinal uğrunda görüşdə serb rəqiblərinə uduzub.
Qeyd edək ki, 18–21 iyun tarixlərində keçirilən turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb. Azərbaycan badmintonçuları bu yarışda hər il mütəmadi iştirak edir. 2022-ci ildə də təmsilçilərimiz 13 yaşadək qızların şəxsi və qoşa yarışlarında 2 bürünc medal qazanmışdılar.