Dünya Futbolu

“Barcelona” mövsümü dubl zəfərlə başa vurdu

Bakı, 16 may, Tsport.az

“Barcelona”, klub tarixində doqquzuncu dəfə eyni mövsümdə həm La Liqa çempionluğu, həm də İspaniya Kubokunu qazanmağı bacarıb.

Tsport.az xəbər verir ki, Kataloniya nəhəngi, La Liqanın XXXVI turunda səfərdə Espanyol üzərində 2:0 hesablı qələbə qazanaraq mövsümün bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klubun tarixindəki 28-ci La Liqa çempionluğudur.

Bundan əvvəl, aprelin 26-da, “Barcelona” İspaniya Kubokunun finalında əzəli rəqibi “Real Madrid”i əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.

Beləliklə, “Katalonlar”1951/52, 1952/53, 1958/59, 1997/98, 2008/09, 2014/15, 2015/16 və 2017/18 mövsümlərindən sonra yenidən “dubl” uğurunu təkrarlamış oldular.

Qeyd edək ki, “Barcelona” 2024/25 mövsümündə İspaniya Superkubokunu da qazanaraq üçlük uğura (Superkubok, La Liqa, Kubok) imza atıb.