“Barcelona” yay transferində bu futbolçu ilə yolları ayırmağa qərarlıdır
Bakı, 15 aprel, Tsport.az
İspaniyanın nəhəng klubu “Barcelona”, yay transfer dönəmində ciddi dəyişikliklərə start verir.
Tsport.az xəbər verir ki, komandanın müdafiəçilərindən biri olan Ronald Araújo, ayrılmağa ən real namizədlərdən biri kimi göstərilir.
“El Nacional” nəşrinin yaydığı məlumata görə, yeni baş məşqçi Hansi Flick, 26 yaşlı uruqvaylı müdafiəçini öz taktiki planlarına daxil etməyib. Klub rəhbərliyi də bu qərardan sonra Araújo ilə yolları ayırmağın yollarını axtarır.
Buna baxmayaraq, “Barcelona” oyunçunu ucuz qiymətə buraxmaq niyyətində deyil. Klub 65 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəyini bildirib. Hətta bir müddət əvvəl gələn 40+10 milyon avroluq rəsmi təklif də rədd edilib.
Kataloniya təmsilçisi Araújonun əvəzinə “Bayer Leverkusen”də çıxış edən Jonathan Tahı heyətə qatmağı planlaşdırır. Bu keçid baş tutarsa, müdafiə xəttində yeni bir era başlaya bilər.