Dünya Futbolu

“Barcelona”nın gizli 15 milyon avro əməliyyatı ifşa olundu!

Bakı, 18 oktyabr, Tsport.az

İspaniya məhkəməsi 2019-cu ildə “Atlético Madrid”dən “Barcelona”ya keçən Antoine Griezmann transferi ilə bağlı yeni araşdırmaya başlayıb.

Tsport.az xəbər verir ki, El Mundonun məlumatına görə, 34 yaşlı futbolçunun 120 milyon avroya başa gələn keçidi (futbol tarixinin 9-cu ən bahalı transferi) iki mümkün qayda pozuntusu ilə müşahidə olunub.

İddiaya əsasən, “Barcelona” Griezmann-la 2019-cu ilin fevral-mart aylarında, hələ onun “Atlético” ilə müqaviləsi qüvvədə olarkən, klubun icazəsi olmadan danışıqlara başlayıb. Bu, FIFA-nın qaydalarının pozulması deməkdir.

Məlumata görə, o dövrdə klub prezidenti olan Josep Bartomeu məsələni bağlamaq üçün Madrid klubuna 15 milyon avro “bonus” göndərib. Hakim isə bu ödənişi “sui-istifadə və saxtakarlıq əlamətləri” kimi qiymətləndirib.

Buna baxmayaraq, “Atlético Madrid” ilkin şikayətini geri çəkib və RFEF-ə (İspaniya Futbol Federasiyası) əlavə sübut təqdim etməyib.