Dünya Futbolu

Barış Alper və Keremə 1 oyunluq cəza

Bakı, 8 aprel, Tsport.az

Peşəkar Futbol İntizam Komitəsi (PFDK), “Galatasaray”ın futbolçuları Barış Alper Yılmaz və Kerem Demirbaya 1 oyunluq diskvalifikasiya cəzası verib. Hər iki futbolçu Ziraat Türkiyə Kubokunun yarımfinalında TÜMOSAN Konyasporla keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Tsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) verdiyi açıqlamaya görə, “Fenerbahçe”ilə oynanan Ziraat Türkiyə Kubokunun 1/4 final qarşılaşmasında qırmızı vərəqə alan Barış Alper Yılmaz və Kerem Demirbay, rəqib komanda üzvünə qarşı qeyri-idman hərəkətlərinə görə bir oyundan kənarlaşdırılıb və hər biri 58 min 500 lirə məbləğində cərimə olunub.

Təlimata əsasən, cəzalarını kubok matçında çəkəcəkləri üçün adıçəkilən futbolçular TÜMOSAN Konyasporla oynanacaq yarımfinal qarşılaşmasında forma geyinə bilməyəcəklər.

Komitə, “Galatasaray”klubuna da həmin qarşılaşmada azarkeşlərinin səbəb olduğu meydan hadisələri və komanda şəklində qeyri-idman davranışlarına görə ümumilikdə 222 min lirə cərimə tətbiq edib.

“Beşiktaş” klubuna isə Türkiyə Kubokunun 1/4 final mərhələsində “Göztepe”ilə oynanan oyunda azarkeşlərinin yaratdığı meydan hadisələri və futbolun, eləcə də qurumların nüfuzuna xələl gətirən açıqlamalara görə ümumilikdə 1 milyon 168 min lirə cərimə kəsilib.

“Göztepe” isə həmin oyunda azarkeşlərinin etdiyi nalayiq və pis şüarlar səbəbilə 15 min lirə cərimə olunub.

Bundan əlavə, Beşiktaş İdarə Heyətinin üzvü Orhan Özalp

“Göztepe”matçından sonra etdiyi və futbolun, qurumların nüfuzuna zərər verən açıqlamalara görə 23 günlük fəaliyyət qadağası və 75 min lirə cərimə cəzası alıb.

Trabzonspor klubu isə Ziraat Türkiyə Kubokunun 1/4 finalında “Sipay Bodrum FK”ilə oynadığı oyunda azarkeşlərinin yaratdığı meydan hadisələrinə görə 168 min lirə cərimələnib.

Aytac Mustafayeva