Azərbaycan FutboluMüsahibə

“Baş məşqçi özümüzə olan inamı qaytarmağa çalışdı”

Bakı,10 sentyabr ,  Tsport.az 

2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə ilk matçına çıxıb.

Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra millimizin üzvü  

Bahlul Mustafazada fikirlərini bizimlə bölüşüb: 

*– Baş məşqçinin komandaya təsiri barədə nə deyə bilərsiniz?*

– Baş məşqçi gələn kimi ilk növbədə bizə özümüzə olan inamı qaytarmağa çalışdı. Məşq üçün çox vaxtımız yox idi, ona görə daha çox psixoloji baxımdan işləməyə üstünlük verdi. Bizimlə bu barədə çox söhbətlər apardı. Düşünürəm ki, bu üsul komandaya müsbət təsir etdi və meydanda da bunu göstərməyə çalışdıq.

*– Ayxan Abbasovun gəlişi komanda daxilində hansı dəyişikliklərə səbəb oldu?*

– Açığı, bu haqda çox danışmaq istəmirəm, çünki artıq baş məşqçi gedib və bu barədə danışmaq o qədər də etik deyil. Amma ümumilikdə onu deyə bilərəm ki, Ayxan müəllim komandadakı uşaqların hamısını yaxşı tanıyırdı. Bu da işini asanlaşdırırdı və nəticə daha effektli oldu. Gələcək oyunlara hazırlaşacağıq ki, yaxşı nəticələr əldə edək.

*– Ağır Ukrayna məğlubiyyətindən sonra komanda necə toparlandı?*

– Əlbəttə, o oyundan sonra komandanı toparlamaq asan deyildi. Baş məşqçimiz bu istiqamətdə çox çalışdı. Ukraynanı qısa müddətdə analiz etdik və düşünürəm ki, meydanda artıq bir komanda kimi oynadıq. Hər kəs nə etməli olduğunu bilirdi və keçmiş nəticəni unutdurmaq üçün əlimizdən gələni etdik.

 *– Rəqib komandaya qarşı hazırlıq prosesi necə keçdi?*

– Baş məşqçi bizə rəqibin bəzi xırda detalları haqqında məlumat verdi. Oyun ərzində nəyi necə etməli olduğumuzu çatdırdı. Bizi inandırdı ki, davam etsək, şansımız olacaq. Biz də onun dediklərini maksimum yerinə yetirməyə çalışdıq.

*– Sizcə, milli komandada yerli məşqçinin olması nə qədər önəmlidir?*

– Bu barədə konkret fikir bildirmək mənim səlahiyyətimdə deyil. Amma düşünürəm ki, yerli məşqçi uşaqları daha yaxşı tanıyır, onların mentalitetini bilir. Xarici məşqçilərlə müqayisədə bu, bir üstünlükdür. Ayxan müəllim də bu baxımdan komanda ilə qısa müddətdə dil tapa bildi.

*– Ayxan müəllimin qısa müddətdə komandaya təsiri necə oldu?*

– Düşünürəm ki, qısa zamanda maksimum dərəcədə fikirlərini bizə çatdırmağı bacardı. Uşaqlar meydanda nə etməli olduqlarını bilirdilər. Ümumilikdə müsbət təsir göstərdi.

*– Son olaraq, Ayxan Abbasovun milli ilə davam etməsini istərdinizmi?*

– Əlbəttə, niyə də olmasın.

Bahar Rüstəm