Dünya Futbolu

“Bavariya”da bir dövr başa çatır

Bakı, 31 mart, Tsport.az

Bavariya” mövsümün sonunda müqaviləsi başa çatacaq Tomas Müllerlə yollarını ayırır. Təcrübəli futbolçu gənclər akademiyasındda yetişdiyi komandası ilə vidalaşmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, “Bavariya” klubun əsas simalarından biri olan Tomas Müllerin gələcəyi ilə bağlı qərarını verib.

Klubun gənclər akademiyasından keçən və 17 mövsümdə 700-dən çox matça çıxan alman futbolçu komandadan getməyə yaxındır. “Bavariya” rəhbərliyi Müllerə yeni müqavilə verilməyəcəyini bildirib.

Bu qərarın səbəblərindən birinin Müllerin maaş yükünün olduğu bildirilib. “Bavariya”nın fəxri prezidenti və Müşahidə Şurasının üzvü Uli Höness Müllerin sənədli filmində deyib: “Mən ona yalnız ehtiyat oyunçular skamyasında qalacaqsa, təqaüdə çıxmasını tövsiyə edərdim. Bu, onun möhtəşəm karyerasına uyğun gəlmir. Həmişə ehtiyat oyunçular skamyasında olan Tomas Müller də həll yolu deyil” .

Məqsədin yay transfer dönəmində komandanı gəncləşdirmək olduğu, maaş büdcəsinin də azaldılmasının nəzərdə tutulduğu bildirilib.

“Bavariya” karyerası ərzində gənclər akademiyası da daxil olmaqla 830 matça çıxan Tomas Müller 289 qol vurub, 278 məhsuldar ötürmə edib. Müller 2000-ci ildə Bavariya gənclər akademiyasına keçib və 2009-cu ildə böyüklər komandasına yüksəlib.