Azərbaycan FutboluMüsahibə

“Bayrağımızın olduğu hər yerdə oynamağa hazıram”

 Bakı, 6 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VII turunda “Şamaxı” səfərdə “Qəbələ”nin qonağı olub. Matç qonaqların 0-1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Tsport.az xəbər verir ki, matçdan sonra “Qəbələ”nin üzvü Şahin Şahniyarov fikirlərini bizimlə bölüşüb:

– “Şamaxı” liqanın ən döyüşkən komandalarından biridir. Bu baxımdan çətin oyun olacağı əvvəlcədən məlum idi. Oyuna 3 xal qazanmaq məqsədi ilə çıxmışdıq, amma təəssüf ki, istədiyimiz alınmadı. Oyun başlananda qapımıza təyin olunan penalti ilə rəqib fərqləndi. Sonradan komanda olaraq toparlandıq, real qol şansları yaratdıq, amma əvvəlki oyunlarda olduğu kimi bu matçda da son nöqtəni qoymaqda problem yaşadıq.”

Futbolçu bildirib ki, komanda əsasən gənc oyunçulardan ibarətdir və bu, həm üstünlük, həm də təcrübə baxımından inkişaf mərhələsidir:

– “Komandamızda gənc oyunçular çoxluq təşkil edir. Oynadığımız oyunların əksəriyyətində rəqibdən üstün olmuşuq, sadəcə son vuruşlarda dəqiqlik çatmayıb. Gələcək oyunlarda bunun üzərində işləyib vəziyyəti yaxşılaşdırmaq istəyirik.”

Müsahibə zamanı futbolçu, həmçinin Ayxan Abbasovun milli komandanın baş məşqçisi təyin olunmasına münasibət bildirib:

– “Ayxan Abbasovu milli komandanın baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm. O, azərbaycanlı futbolçuların mentalitetini yaxşı bilən bir məşqçidir. Ümid edirəm, uğurlu olar.”

Gənc futbolçu üçün əsas və ya U-21 millidə oynaması arasında fərq yoxdur:

– “Əgər əsas millidə oynamayacaqsamsa, U-21-də çıxış etmək mənim kimi gənc futbolçu üçün daha faydalıdır. Düşünürəm ki, Ayxan müəllim də eyni fikirdədir.”

– “Bir azərbaycanlı kimi mənim üçün A milli və ya U-21-də oynamağım fərq etmir. Bayrağımızın olduğu hər yerdə oynamağa hazıram.”

O, qarşıdakı oyunlarla bağlı hədəflərindən də danışıb:

– “Qarşıda bizi güclü rəqiblərlə oyunlar gözləyir. Yaxşı hazırlaşacağıq. Məqsədimiz yaxşı oyun nümayiş etdirib, maksimum xal toplamaqdır.”

Futbolçu Rəşad müəllimlə əməkdaşlığa və milli komandadakı mühitə də toxunub:

– “Rəşad müəllimlə əvvəllər A millidə birgə çalışmışıq. Milli komanda elə bir yerdir ki, orada adaptasiya söhbəti gedə bilməz. Çünki oyunlara hazırlaşmaq üçün çox qısa müddətimiz olur.”

Sonda o, U-16 yığmasının III MDB Oyunlarındakı ilə bağlı fikirlərini bildirib və gənclərə tövsiyələr verib:

– “U-16 yığmamızı başda Aqil müəllim olmaqla ürəkdən təbrik edirəm. Əzmkar mübarizə apardılar, əla oyun nümayiş etdirdilər. Komandanın oyunundakı səhvləri demək mənə düşməz, bilirəm ki, gələn toplanışlarda Aqil müəllim onları özü bildirəcək.”

– “Həqiqətən U-16 yığmamızda istedadlı futbolçular var. Amma istedad insanı yalnız bir yerə qədər apara bilər. Onlara verəcəyim əsas tövsiyə odur ki, öz üzərlərində çox çalışsınlar və məqsədlərinə çatmaq üçün hər cür çətinliyə dözümlü olsunlar.”

Qeyd edək ki, U-21 milli komandamız Avropa Çempionatının seçmə mərhələsində səfərdə Çexiya, doğma meydanda Şotlandiya millisi ilə qarşılaşacaq.

Bahar Rüstəm