“Bizə bəhanə olmaz , çünki yenə də qələbə lazım idi”-Emin Mahmudov
Bakı, 18 avqust , Tsport.az
Bu sözləri 16 avqust Misli Premyer Liqasının I turunda “Neftçi”nin doğma meydanda “Şamaxı“nı qəbul etdiyi,yekunda 1:1 hesabı ilə başa çatan oyun sonrası “Neftçi”komandasının futbolçusu Emin Mahmudov deyib.
Oyunla bağlı fikirləriniz?
– Birinci hissəyə yaxşı başlayamadıq. Amma ikinci hissədə çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. “Şamaxı” kimi komandaya qarşı şans yaratmaq özü çətindir. Ona görə də fürsətlərdən istifadə etməməyimiz çox heyif oldu. Qələbə qazana bilmədik.
Qol epizodlarını çıxsaq, başqa nə çatışmadı?
– Əlbəttə, bəzi oyunçularla tam anlaşma hələ formalaşmayıb. Kimisi yeni gəlib, kimisi isə komandaya gec qoşulub. Zbor zamanı bir oyunun ləğv olunması da bizə müəyyən çətinlik yaratdı. Amma bu, bəhanə deyil. Bizim üçün bəhanə ola bilməz. Çünki qələbə vacib idi. Bəzi sadə epizodlarda problem yaşadıq. Daha çox hücum şansı yarada bilərdik. İnşallah, gələcəkdə daha yaxşı olacaq.
Keçən dəfə qol vurduqdan sonra etdiyiniz sevinci çoxları maraqla qarşıladı özəl bir mənası var?
– Onun sırf dinlə bağlı mənası var. Başqa heç kimə mesaj deyil. Sadəcə xoşuma gəlmişdi, internetdə görmüşdüm. Amma deyəsən, hansısa futbolçuda da rast gəlmişdim.
Müqayisə aparsaq, bu günkü heyət daha yaxşı təsir bağışladı?
– Daha çox kreativlik gördük. Komandamıza kreativ futbolçular qoşulub. Hələ ki, İmadı görməmişik, o da formaya düşəndə bizə çox fayda verəcək. Vargas da çox vacib oyunçudur. Jordan da gəlib. Bu futbolçularla birlikdə daha yaradıcı ola bilərik. Əsas məsələ oyunda kreativliyi göstərə bilməkdir.
“Neftçi”yə özünə gəlmək üçün 4-5 tur lazımdırmı?
– Bizim vaxtımız yoxdur. Heç kim bizi gözləməyəcək. Növbəti oyunda mütləq qələbə qazanmalıyıq.
Aytac Mustafayeva