“Bizə ev ab-havasını yaşatdıqları üçün bütün azarkeşlərə təşəkkür edirəm”- Faiq Hacıyev
Bakı, 1 sentyabr, Tsport.az
Misli Premyer Liqasının III turunda “Turan Tovuz” səfərdə “Neftçi“nin qonağı olub.
Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Turan Tovuz”un üzvü Faiq Hacıyev fikirlərini bizimlə böıüşüb:
– Oyuna çox yaxşı başladıq. İstədiyimiz hər şeyi etməyə çalışırdıq. Qoldan sonra “Neftçi” də üzərimizə gəlməyə başladı. Yaxşı müdafiə olunduq və mübarizə qazandıq.
– Oyun gərgin keçdi. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, oyun çox gərgin keçdi. Sona qədər mübarizə getdi. Uşaqlara təşəkkür edirəm, sona qədər əllərindən gələni etdilər. İnşallah, gələn oyunlarda da mübarizə aparıb qələbə qazanarıq.
– Qırmızı kart epizodu haqqında nə deyə bilərsiniz?
– Bəli, qırmızı kart var idi. Çünki zərbə endiriləndə üzümə dəydi. Bu da futbolda qırmızı kartla cəzalandırılır.
– Erkən qol sizcə nə ilə nəticələndi?
– Əlbəttə ki, erkən qol bizi daha da diqqətli olmağa məcbur etdi. Diqqətimizi artırdıq və bu oyunda qələbə qazandıq.
– Qol həm sizin, həm də komandanız üçün gözlənilməz oldu.
– Bəli, futboldur, sona qədər gözləmək lazımdır. Gözlənilməz hadisələr baş verə bilir.
– Azarkeşlərə nə demək istərdiniz?
– Hazırda stadionumuz təmirdə olsa da, bizə ev ab-havasını yaşatdıqları üçün bütün azarkeşlərə təşəkkür edirəm.
Bahar Rüstəm