Brahim Konate: “Hajduk” üçün kifayət qədər problem yarada biləcək komandayıq
Bakı, 24 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Hajduk”la 1:1 hesablı heç-heçə edən “Zirə“nin yarımmüdafiəçisi Brahim Konate qarşılaşma ilə bağlı fikirlərini bildirib.
Tsport.az xəbər verir ki, o, oyunun ilk hissəsində zədələndiyinə görə matçı yarımçıq tərk etməli olub:
“Düşünürəm ki, oyuna yaxşı başladıq. Mən meydanda olduğum dəqiqələrdə deyə bilərəm ki, “Hajduk”a oynamağa imkan vermədik. Təəssüf ki, 30-cu dəqiqədə çiynimdən zədə aldım və matça davam edə bilmədim”.
Futbolçu çiynindəki zədənin vəziyyəti ilə bağlı hələ dəqiq məlumata sahib olmadığını bildirib:
“Ümidvaram ki, ciddi bir şey yoxdur. Çiynim çıxıb. İki gün sonra prosedurlara başlamalıyam. Xəstəxanada dəqiq müayinədən sonra zədənin nə dərəcədə ciddi olduğu məlum olacaq”.
Komandasının növbəti mərhələyə keçmək şanslarını dəyərləndirən Konate optimist danışıb:
“Bu suala tam cavab verə bilmirəm, çünki cəmi 30 dəqiqə oynaya bildim. Amma meydanda gördüyüm futbola əsasən deyə bilərəm ki, komandamız növbəti tura keçə bilər. Biz “Hajduk” üçün kifayət qədər problem yarada biləcək bir komandayıq”.
Fransalı yarımmüdafiəçi cavab oyunu ilə bağlı da fikirlərini bölüşüb:
“Səfərdə oynamasına baxmayaraq, bu cür atmosferlərdə çıxış etməyi sevirəm. İnanıram ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq”.
Bahar Rüstəm