“Buralara gəlib çatmaq bizim üçün fəxrdir” – Fərid Namazov
Bakı, 28 aprel, Tsport.az
Birinci Liqanın bitməsinə 4 tur qala “İmişli” Misli Premyer Liqasında gələn mövsüm üçün çıxışını təmin edib.
Tsport.az xəbər verir ki, klubun baş məşqçisi Fərid Namazov bu barədə fikirlərini bizimlə bölüşüb, suallarımızı cavablandırıb.
“Qəbələ” ilə keçirdiyimiz hər 3 oyunda demək olar ki, bərabər səviyyəli oyun keçib. Birinci oyun “Qəbələ”nin meydanında 0-0 başa çatıb. İkinci oyun evdə 1-2 hesabı ilə “Qələbə”nin qələbəsi ilə başa çatıb. Düşünürəm həmin oyunda bərabər səviyyədə idi. Bəzi səhvlərdən qollar buraxdıq. Sonuncu 1-0 hesablı qələbə qazandığımız oyunda ərazi üstünlüyü oyun boyu bizdə idi. Məncə birdən çox çox qol şansımız var idi. Düzdür “Qəbələ”nin də epizodları oldu. Oyunun idarəsi daha çox bizdə idi.
Əlbətdə sevincli haldır. Biz bir bölgəni, rayonu təmsil edirik. Biz bunun məhsuliyyətini dərk edirik. İllər sonra Premyer Liqada “İmişli”ni görmək, buralara gəlib çatmaq əlbəttə bizim üçün fəxrdir. Fikirləşirəm, 1 ildə çəkdiyimiz əziyyətlərin əvəzini aldıq. Təsadüfi heç nə olmur. Əziyyətimizin qarşılığını aldıq.
Əsas liqaya yüksəlməyi təmin etsək də, son 4 tur qalıb. Bizim əsas məqsədlərimizdən biri də liqanı 2-ci bitirməkdir. Bunun üçün daha çox çalışacağıq. Oyundan sonra uşaqlar da dedim ki, konsentrasiyanı itirmək olmaz. Növbəti 4 oyunu da rəqiblərə qarşı tam üstün keçirmək lazımdır. Çünki bizim iddiamız böyükdür. Sona qədər mübarizəni davam etdirəcəyik. Liqanı təmin etmək yaxşıdır. Biraz rahatçılıq yarandı. Rahatçılığın oyuna təsir etməsini, boşluq olmasını istəmirəm. Son 4 oyunu da maksimal səviyyədə keçirəcəyik.
Növbəti mövsüm üçün rəhbərliklə hələ ki söhbətimiz olmayıb. Liqanı təmin etməmiş bu haqda danışmaq qeyri-etik olardı. Öz aramızda olan söhbətlərdə ” Əvvəlcə liqanı təmin edək sonra bu barədə danışarıq” deyə danışmışıq. Rəhbərliyin öz planları var. Çalışacağıq klubumuz gələn mövsüm yaxşı yerlərdə olsun”.
Bahar Rüstəm