Azərbaycan FutboluMüsahibə

“Bütün komanda əziyyət çəkdi”

Bakı, 17 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VIII turunda “Şamaxı” doğma meydanda “Kəpəz”i qəbul edib.

Tsport.az xəbər verir ki, 1-4 hesabı ilə başa çatan matçdan sonra “Kəpəz”in üzvü Fərid Nəbiyev fikirlərini bizimlə bölüşüb:

– Həftə boyu yaxşı hazırlaşmışdıq. Çalışdıq ki, məşqçimizin verdiyi tapşırıqları ən yaxşı şəkildə yerinə yetirək. Şükürlər olsun, komanda olaraq yaxşı çıxış etdik və ilk qələbəmizi qazandıq.

– Oyunda iki qol ilə yadda qaldınız. Performansınız sizi qane etdi?
– Mənim üçün əsas olan komandanın uğurlu olmasıdır. Bu qələbədə mənim də payım oldusa, nə xoş mənə. İnşallah, bunun davamını gətirə bilərəm.

– Bu qələbə liqadakı ilk qələbəniz oldu. Təəssüratlarınız necədir?
– Bu qələbə bizim üçün çox vacib idi. Həm komandadakı əhval-ruhiyyəni yüksəltmək, həm də qarşıdakı oyunlara daha istəkli çıxmaq baxımından önəm daşıyırdı. Şükürlər olsun, bütün komanda əziyyət çəkdi və o lazımlı qələbəni qazandıq.

– Komandaya yeni baş məşqçi – Azər Bağırov gəlib. Yeni məşqçiyə adaptasiya prosesi necə gedir?
– Komandada dəyişiklik hiss olunur. Hər kəs çalışır ki, Azər müəllimin verdiyi tapşırıqları diqqətlə yerinə yetirsin. İnşallah, bu işin davamını da gətirəcəyik.

– Azər Bağırovun Adil Şükürovdan fərqləndirən əsas cəhət nədir?
– Hər məşqçinin özünəməxsus oyun üslubu var. Bəzən bu dərhal alınır, bəzən isə vaxt tələb edir. Hazırda komandanın özünə inamı əvvəlki dövrlə müqayisədə daha yüksəkdir.

Bahar Rüstəm