Bəhlul Mustafazadə: “Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir”
Bakı, 31 iyul, Tsport.az
UEFA Çempionlar Liqasında “Qarabağ” doğma meydanda İrlandiya təmsilçisi “Şeburn“u 1-0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Tsport.az xəbər verir ki, oyundan sonra təmsilçimizin üzvü Bəhlul Mustafazadə fikirləribi bizimlə bölüşüb:
“Rəqib kifayət qədər güclü komandadır. Yaxşı oyun nümayiş etdirirdilər. Buna baxmayaraq, biz qələbə qazanmağı bacardıq. Oyun planımız var idi və onu reallaşdırmağa çalışdıq.”
İki oyunun nəticələrinə toxunan Mustafazadə qeyd edib ki, ilk qarşılaşmadakı nəticə rəqibin psixoloji durumuna təsir etmiş ola bilər:
“Bəlkə də ilk oyunun hesabı bu günkü qarşılaşmaya təsir göstərdi. Amma yenə də onlar geri dönüş edə biləcəklərinə inanırdılar və bunun üçün ciddi çalışmışdılar. Xüsusilə ikinci oyunda bizə qarşı yaxşı hazırlaşmışdılar. Lakin nəticə etibarilə biz qalib gəldik.”
Oyun şəraiti ilə bağlı müdafiəçi bunları deyib:
“Bəli, razıyam – stadionun qazonu həqiqətən də zəif vəziyyətdə idi. Amma bu, bizim əlimizdə olan məsələ deyil. Havanın isti olması da oyun tempinə təsir etdi. Hərəkətlər bir az ağır ola bilərdi. Bu bizim ikinci rəsmi oyunumuz idi. Zaman keçdikcə vəziyyət daha da yaxşılaşacaq.”
Avropa arenasındakı hədəflərinə də toxunan Mustafazadə qeyd edib:
“Bəli, artıq Konfrans Liqasının qrup mərhələsini təmin etmişik. Amma bu, bizim əsas hədəfimiz deyil. Biz maksimum nəticəyə – Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışırıq. Bunun üçün sona qədər mübarizə aparacağıq.”
Komanda potensialına inandığını vurğulayan futbolçu fikirlərini belə tamamlayıb:
“Komandadakı bütün futbolçuların kifayət qədər yüksək potensialı var. Əgər hər kəs öz oyununu maksimum səviyyədə göstərə bilsə, qruplara vəsiqə qazanmaq mümkündür.”
Bahar Rüstəm