-->
Dünya Futbolu

Carlo Ancelotti məhkəmə qarşısında

Bakı, 2 aprel, Tsport.az

İtaliyalı baş məşqçi Carlo Ancelotti “Real Madrid”dəki ilk dönəmi (2013-2015) ilə bağlı İspaniya Maliyyə Nazirliyi tərəfindən vergidən yayınma ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Tsport.az xəbər verir ki, Madrid İl Məhkəməsində keçirilən iclasa Ancelotti həyat yoldaşı Mariann Barrena və oğlu, eyni zamanda “Real Madrid”in köməkçi məşqçisi olan Davide Ancelotti-nin müşayiəti ilə gəlib.

Məhkəmə iclasından əvvəl qısa açıqlama verən Ancelotti, günahsız olduğunu vurğulayıb və anlaşma üçün deyil, ifadə vermək üçün gəldiyini bildirib.

İttihama əsasən, Ancelotti “Real Madrid”dəki ilk dönəmində 2014-cü ildə 386 min 361 avro, 2015-ci ildə isə 675 min 718 avro olmaqla ümumilikdə 1 milyon 62 min avro vergidən yayınmaqda günahlandırılır.

Prokurorluq məşqçi üçün 4 il 9 ay həbs cəzası və vergidən yayınan məbləğin cərimələrlə birlikdə 3 milyon 186 min 237 avro olaraq geri ödənilməsini tələb edir.

Ancelotti indiyə qədər bütün ittihamları rədd edərək özünü günahsız hesab etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl də İspaniyada baş məşqçi Jose Mourinho, futbolçular Cristiano Ronaldo, Lionel Messi və Arda Turan da daxil olmaqla bir çox tanınmış idmançı vergidən yayınma ittihamı ilə məhkəmə qarşısına çıxıb və maliyyə qurumları ilə razılığa gələrək cərimə ödəməklə hüquqi prosesi bağlayıblar.