Charles Boli: “Qələbəni haqq etdik, amma iş hələ bitməyib”
Bakı, 25 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Yunanıstanın “Aris” klubunu məğlub edərək mühüm qələbəyə imza atdı.
Tsport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın üzvü Charles Boli oyunla bağlı fikirlərini bölüşüb.
“Bu çətin oyun idi, güclü rəqiblərə qarşı oynadıq, amma düşünürəm ki, bu gün yaxşı çıxış etdik. Qələbəni haqq etdik, amma iş hələ bitməyib. Qarşıda başqa bir oyun var və biz bu oyuna hazır olmalıyıq. Ümid edirəm ki, növbəti mərhələyə yüksələcəyik.”
Komandadakı ilk rəsmi oyununa çıxan Charles Boli çıxışından razı qalsa da, daha yaxşı performans göstərmək üçün çalışacağını bildirib. O, komanda ilə uyğunlaşma prosesinin davam etdiyini vurğulayıb:
“Bəli, çıxışımdan razıyam, amma bilirəm ki, meydanda daha yaxşı oynaya bilərəm. Komanda yoldaşlarımla birlikdə oynamağa çalışıram. Mən komandada yeniyəm, hələ bir-birimizi daha yaxşı tanımağa ehtiyacımız var.”
Boli cavab oyununa ciddi yanaşdıqlarını və komanda olaraq növbəti mərhələyə keçmək üçün əllərindən gələni edəcəklərini bildirib:
“Növbəti oyun da çətin olacaq, amma indi əsas olan yaxşı bərpa olmaq və oyuna hazırlaşmaqdır. Mən komanda yoldaşlarıma inanıram və ümid edirəm ki, qalib gəlib növbəti mərhələyə keçəcəyik.”
Bahar Rüstəm