MüsahibəVoleybol

“Çiyin-çiyinə gedən toplarda uduzmadıq”

Bakı, 1 oktyabr, Tsport.az 

Bu sözləri kişilərdən ibarət Azərbaycan U-17 milli voleybol komandasının baş məşqçisi Cahangir Seyid Abbasi III MDB Oyunlarında Qırğızıstanla keçirilən matçdan sonra deyib.

Tsport.az xəbər verir ki, 3-0 qələbə qazandığımız matçdan sonra baş məşqçi oyunla bağlı fikirlərini bizimlə bölüşüb:
– İlk set normal keçdi. Amma sonrakı setlərdə müəyyən çətinliklər yaşandı. Ümumilikdə oyunu necə dəyərləndirirsiniz?
– Birinci set normal oynadıq. Amma digər setlər daha stressli keçdi. Üstəlik, bu gün kapitanımız xəstə idi. Dərman qəbul edərək oyuna çıxdı. İkinci və üçüncü setdə, xüsusilə də üçüncü setdə daha yaxşı oynamalı idik. Bir qədər stress, uşaqların təcrübəsizliyi çətinliklər yaratdı. Bilirsiniz, biz Azərbaycanda oğlan voleyboluna cəmi 1 ildir başlamışıq. Rəqiblərimizin isə uzun illər təcrübəsi var. Amma buna baxmayaraq, uşaqlar oyunu ələ ala bildilər. Doğrudur, üçüncü set uzandı, amma çiyin-çiyinə gedən toplarda uduzmadıq. Həssas topları ələ ala bildik. Ümid edirəm, gələcək oyunlarda bu səhvlərimizi düzəldəcəyik. Nəticədən asılı olmayaraq, daha yaxşı oyun göstərməyə çalışacağıq.

– İkinci setdə rəqib irəli keçdi, üçüncü set isə başa-baş mübarizə ilə keçdi. Bunu rəqibə qarşı bir qədər arxayınlıqla əlaqələndirmək olarmı? Xüsusilə də birinci hissədə asanlıqla qalib gəlməyiniz və rəqibin Qırğızıstan olması, komandada arxayınlaşma yaratmadımı?
– Bilirsiniz, bizim bütün rəqiblərə hörmətimiz var. Qırğızıstanda oğlan voleybolu uzun illərdir inkişaf edir, liqaları mövcuddur. Bütün rəqiblərimizə kim olur-olsun, hörmətlə yanaşmalıyıq və bunu oyunçulara öyrətməliyik. Mənə elə gəlir ki, sizin sadaladıqlarınız daha çox uşaqların təcrübəsizliyindən irəli gəlirdi. Biz maksimum 14 aydır voleybol oynayırıq. Həmçinin qeyd edim ki, biz burada ən gənc komandayıq. 14 oyunçudan 9-u 2009 təvəllüdlüdür. Halbuki bu yarışlar 2008 təvəllüdlülər üçündür. Başqa heç bir komandada 2009 təvəllüdlü oyunçu yoxdur. Biz isə 1 il daha gənc oyunçularla gəlmişik ki, gələcəkdə daha perspektivli heyət formalaşsın. Onsuz da bütün rəqiblərimiz 2008 təvəllüdlüdür, biz isə bir yaş daha kiçik uşaqlarla çıxış edirik. Təbiidir ki, bu oyunçular təcrübə yığmalıdırlar, beynəlxalq yarışlarda iştirak edib atmosferi hiss etməlidirlər. Bu, bizim ilk beynəlxalq yarışımızdır. Halbuki Qırğızıstan komandası öz çempionatında, Asiya və KAVA yarışlarında çıxış edir. Buna baxmayaraq, 14 ay ərzində yaxşı irəliləmişik. Bizə dəstəyə görə Federasiyaya və “Sumqayıt” klubuna təşəkkür edirəm. Uşaqlar 14 aydır ailələrini görmür, yalnız məşq edirlər. Məncə, ilk matçlar üçün nəticə qənaətbəxşdir. Əlbəttə, səhvlərimiz oldu, stress yaşadıq, oyunun idarəsi əlimizdən çıxdı.

– Qızların oyununda qrup sistemi, oğlanların oyununda isə dövrə sistemi tətbiq olunur. Sizcə, hansı format daha əlverişlidir?
– Qrup formasında olsaydı, bizim şansımız daha çox idi. Niyə? Çünki ilkin bölgüdə Türkmənistan, Tacikistan və Qazaxıstanla düşmüşdük. Rusiya və Belarus bizim rəqibimiz deyildi. Bu halda qrupdan çıxmaq şansımız daha yüksək olardı. Ən azı ilk üçlük qaranti idi. Amma indi dövrə sistemi ilə oynayırıq və Rusiya ilə Belarusla qarşılaşacağıq. Onlar isə oğlan voleyboluna hakim olan ölkələrdir. Özbəkistan da dünya çempionatında iştirak edir və Asiya çempionatına ev sahibliyi edib. Ona görə düşünürəm ki, indi işimiz daha çətindir. Amma müsbət tərəfi də var – güclü rəqiblərə qarşı oynamaq bizə böyük təcrübə qazandıracaq.

– Bu komanda eyni zamanda gənclər komandasında da çıxış edəcək. Sizcə, bu yarış onlar üçün necə bir təcrübə olacaq?
– Əlbəttə ki, böyük təcrübə olacaq. Bundan əlavə, 2009 təvəllüdlü uşaqlar üçün YEVZA yarışları təşkil ediləcək və onlar da orada iştirak edəcəklər. Həmçinin komanda Super Liqada çıxış edəcək. Bu, oyunçuların təcrübə toplamasına imkan yaradacaq və gələcək yarışlarda daha rahat çıxış edəcəklər.

Bahar Rüstəm