Cristian Avram: “Komanda olaraq yaxşı başladıq”
Bakı, 25 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Yunanıstanın “Aris” klubunu məğlub edərək mühüm qələbəyə imza atdı.
Tsport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın üzvü Cristian Avram oyunla bağlı fikirlərini bölüşüb.
Moldovalı qolkiper 2:1 hesablı qələbəni mövsümə uğurlu start kimi dəyərləndirib və növbəti oyuna maksimum hazırlıqla çıxmağın vacibliyini vurğulayıb:
“Bu yaxşı oyun idi – mövsümün ilk rəsmi matçı. Düşünürəm ki, biz mövsümə yaxşı başladıq və bu, bizim üçün vacib bir addımdır. İndi əsas olan yaxşı bərpa olmaq və növbəti oyuna ciddi şəkildə hazırlaşmaqdır, çünki o oyun çox çətin olacaq.”
Avram individual performansdan çox kollektiv oyun prinsiplərinin önəmini qeyd edib. O, mövsümün startında bütün oyunçuların ideal formada olmadığını nəzərə alaraq, komanda ruhunun vacibliyini ön plana çəkib:
“Bu təkcə mənim və ya fərdi oyunçuların performansı ilə bağlı deyil. Hazırda əsas məqsəd komanda kimi oynamaqdır və mövsümün əvvəlində bu xüsusilə vacibdir, çünki hələ hamı tam formada deyil. Komanda olaraq yaxşı çıxış etmək ən vacib amildir.”
Moldovalı futbolçu növbəti qarşılaşmanın çətin olacağını etiraf edib. O, rəqibin meydanda daha çox təzyiq göstərəcəyini gözlədiklərini bildirərək, komandanın tam heyətlə ciddi hazırlıq aparacağını bildirib:
“Çox çətin bir oyun olacaq. Rəqib daha çox təzyiq etməyə çalışacaq, amma biz hazır olmalıyıq. Bilirəm ki, baş məşqçi və bütün heyətlə birlikdə bu oyuna yaxşı hazırlaşacağıq və meydanda hazır olacağıq.”
Bahar Rüstəm