Cristiano Ronaldo futbol tarixində milyarder olan ilk oyunçudur
Bakı, 8 oktyabr, Tsport.az
Portuqaliyalı hücumçu Cristiano Ronaldo futbol tarixində milyarder olan ilk futbolçu kimi qeydə alınıb.
Tsport.az xəbər verir ki, bu barədə maliyyə və media şirkəti Bloomberg məlumat yayıb.
Bloomberg-in Billionaires Index siyahısına əsasən, “Al-Nassr” klubunun və Portuqaliya millisinin 40 yaşlı ulduzunun xalis sərvəti 1,4 milyard ABŞ dolları (1,04 milyard funt sterlinq) təşkil edir.
Hesabatda Ronaldonun karyera gəlirləri, sərmayələri və sponsorluq müqavilələri nəzərə alınıb. O, 2002–2023-cü illər arasında maaş şəklində 550 milyon dollardan çox qazanıb. Nike ilə ildə 18 milyon dollarlıq onillik müqavilə də bu məbləğə daxildir.
Ronaldo 2022-ci ildə Səudiyyə Ərəbistanının “Al-Nassr” klubuna keçdikdən sonra futbol tarixinin ən yüksək maaş alan oyunçusu olub – onun illik qazancı 177 milyon funt idi.
Oyunçunun müqaviləsi 2025-ci ilin iyununda başa çatmalı olsa da, Ronaldo daha iki illik yeni sözləşmə imzalayıb. Yeni müqavilənin dəyərinin 400 milyon dollardan çox olduğu bildirilir.
Bloomberg-in məlumatına görə, onun əzəli rəqibi Lionel Messi karyerası ərzində 600 milyon dollardan çox qazanc əldə edib. “Inter Miami”də çıxış edən argentinalı futbolçu 2023-cü ildən bəri illik 20 milyon dollarlıq zəmanətli maaş alır — bu da Ronaldo ilə müqayisədə təxminən 10 dəfə azdır.
Messi karyerasını başa vurduqdan sonra “Inter Miami” klubunda pay sahibi olmağı planlaşdırır.