DÇ-2026-nın püşkatma mərasimi Vaşinqtonda keçiriləcək
Bakı, 22 avqust, Tsport.az
2026-cı ildə futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də ABŞ paytaxtı Vaşinqtonda təşkil olunacaq.
Tsport.az xəbər verir ki, tədbir Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində baş tutacaq. Bu barədə Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp məlumat verib.
Dövlət başçısı püşkatmanın Vaşinqtonda keçirilməsini böyük şərəf adlandırıb:
“Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq”, – Tramp bildirib.
Tədbirdə FIFA prezidenti Canni İnfantino da iştirak edib. O, Trampı “fenomenal iş görən çalışqan insan” kimi təqdim edib. İnfantino həmçinin qeyd edib ki, Ağ Evə gətirilən Dünya Kubokuna yalnız qaliblər və dövlət rəhbərləri toxuna bilərlər.