Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının finalında
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
“Tsport.az” xəbər verir ki, sərbəst güləş üzrə 57, 70, 79 və 125 kiloqramlarda mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Muhəmmədəli Əlizadə (57 kiloqram) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.
Kənan Heybətov (70 kiloqram) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək.
Fərid Cabbarov (79 kiloqram) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub.
Xetaq Karsanov (125 kiloqram) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.
Həlledici qarşılaşmalar sabah keçiriləcək.

