Dünya Futbolu

Ali Koç ispan nəhəngini satın alır?

“Fenerbahçe” Futbol Klubunun ötən ay keçirilən seçkilərdə prezidentlik yarışını Sadettin Sarana uduzan Ali Koç haqqında diqqət çəkən iddia ortaya atılıb.

“Tsport.az” xarici KİV-ə istinadən xəbər verir ki, Koç hazırda çətin günlər keçirən “Sevilla” klubunu satın almaq üçün hərəkətə keçib.

Belə ki, “Sevilla”da Del Nido ailəsi arasında davam edən idarəetmə böhranı klubun satılma ehtimalını gündəmə gətirib.

Bildirilib ki, yaranmış vəziyyət beynəlxalq investorların marağına səbəb olub. İddialara görə, Ali Koç da prosesi yaxından izləyir və ilkin araşdırma mərhələsindədir.

Ekspertlər hesab edirlər ki, Del Nido ailəsi arasındakı gərginlik daha da dərinləşərsə, “Sevilla”nın satış prosesi sürətlənə bilər. Ali Koçun bu addımı reallaşarsa, o, Avropada futbol klubu sahibi olan türk iş adamları sırasına qoşula bilər və bu, onun karyerasında yeni bir dövrün başlanğıcı ola bilər.

Leyla Sənani